“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı yekunlaşıb
Azərbaycanın
dörd bir diyarını qarış-qarış dolaşan yaradıcılıq festivalı öz işinə Mərdəkanda
yekun vurub.
Mərdəkan Mədəniyyət Sarayında baş tutan yekun tədbirdə Azərbaycan Respublikası
Mədəniyyət Naziri Əbülfəs Qarayev, nazir müavinləri, bir qrup mədəniyyət
işçiləri, regional mədəniyyət idarələrinin rəisləri festivalın sərgi hissəsinə
baxış keçiriblər.
Daha sonra tədbirin bədii hissəsində Azərbaycan Respublikası Mədəniyyət Naziri
Əbülfəs Qarayevin iştirakı ilə yaradıcılıq festivalında fəal iştirak edən
Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələri, musiqi kollektivləri,
sənətkarlar, incəsənət ustaları, eyni zamanda layihənin təşkilinə yüksək dəstək
göstərmiş Rayon İcra Hakimiyyəti Başçıları Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib.
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının yekun tədbiri fəxri fərmanla
və təşəkkürnamə ilə təltif olunmuş incəsənət ustalarının rəngarəng çıxışları
ilə davam edib.
Məlumat üçün bildirək ki, Mədəniyyət Nazirliyinin birinci yarımili üçün iş
planına əsasən, bu il mart-may ayları ərzində “Bölgələrdən Bölgələrə”
Yaradıcılıq Festivalı təşkil olunub.
Beləki, festival car ilin mart ayının 28-də Gəncə, 29 - da Ağstafa, aprel
ayının 5 - də Ağdaş, 11 - də Saatlı, 12 - də Neftçala, 17 - də Ağcabədi, 18 -
də Tərtər, 25 - də Xaçmaz, 26 - da Abşeronda baş tutub. May ayının 2 - də
Lerik, 3-də Masallı, 10-da Kürdəmir, 11- də Şəmkir, 16 - da Şamaxı 21 may
tarixində isə Balakəndə həyata keçirilib.
Festival müddətində 80 - dən çox musiqi kollektivi ( folklor, rəqs, ansamblı,
xor və.s) 50 - dən çox incəsənət ustalarının müxtəlif janrlar üzrə (muğam, aşıq
musiqisi, estrada, instrumental, vokal ifa və.s ) çıxışlarına yer verilib.
Yerli icra orqanların təşkilati dəstəyi ilə keçirilmiş festival bölgələrdə
əhalinin və ölkəmizə gələn xarici qonaqların böyük marağına səbəb olub.
Festivalın gedişatı Kütləvi İnformasiya Vasitələrində və sosial şəbəkələrdə
geniş işıqlandırılıb.
İki ay davam edən mədəniyyət bayramı Mədəniyyət Nazirliyinin 16 regional
mədəniyyət idarəsinin tabeliyində olan 65 şəhər və rayonların iştirakı ilə baş
tutub.
Layihə müddətində Mədəniyyət Nazirliyinin 16 regional mədəniyyət idarəsinin
təmsil etdikləri rayonlar üzrə xüsusi sərgi çatdırıları qurulub. Sərgi
çadırlarında metalişləmənin fərqli texnika və üsullarda hazırlanan misgərlik
nümunələri, məişət qabları, kəlağayılar, bədii tikmənin bir çox növünə aid
zərif naxışlı tikmələri, çay daşları və ağac, muncuq, kağız və digər
materiallardan hazırlanan bəzək əşyaları, həsirdən hörmə, toxuma əl işləri,
ağacoyma və dulusçuluq kimi digər sənət növlərinə aid olan yüzlərlə yaradıcılıq
nümunələri sərgilənib.
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının zəngin konsert proqramı
hissəsi isə musiqi kollektivləri, sənətkarlar, incəsənət ustaları və rəqs
kollektivlərinin zövqlü çıxışları ilə yaddaşlara həkk olunub.
Qeyd edək ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın
regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi,
sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr
arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.