Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
Narkomaniya, narkobiznesə qarşı mübarizə
12 Yanvar , 2017
Müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir. Narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur. O, dünyada münaqişə və müharibə ocaqlarının, işğal və nəzarətsiz zonaların, nüvə bazalarının, terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılması, silah alverinin güclənməsi sahəsində mühüm amil rolunu oynayır. Mütəxəssislərin hesablamalarına görə, narkotiklərin qanunsuz dövriyyəsindən hər il yüz milyardlarla dollar gəlir əldə edilir. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin hesablamalarına əsasən dünyada narkotiklərin ticarəti, neft və silah alverindən sonra üçüncü ən çox gəlir gətirən sahə hesab olunur.

Dünyada milyonlarla, ölkəmizdə minlərlə insan bu bəladan əziyyət çəkir. Təbii ki, belə inkişaf sürəti yaxın gələcəkdə ictimai faciəyə gətirib çıxara bilər. Ən acınacaqlısı da budur ki, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları yüksələn xətlə artmağa doğru gedir.

Narkotizmlə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır.

SSRİ dövründə yaşadığımız 70 il ərzində ölkəmiz narkomaniya problemi ilə məşğul olmaq, ona qarşı mübarizə aparmaq əvəzinə daha çox bu problemi gizlətməyə, narkotizmin cə- miyyətdə mövcudluğunu inkar etməyə çalışmış və nəticə etibarı ilə, asılılıq kimi müalicəsi çox çətin başa gələn dəhşətli xəstəliyin yayılmasına səbəb olmuşdur. Narkotiklərlə bağlı cinayətlər haqqında rəsmi statistik məlumatlar ictimaiyyət və kütləvi informasiya vasitələrindən qapalı saxlanılmışdır. 4 Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir sıra problemlər kimi narkotizm probleminə qarşı mübarizə tədbirləri görülməsinin vacibliyi ön plana çıxmış, bir sözlə, problemə münasibətdə yeni mərhələ başlanmışdı. Şərti olaraq “yeni” adlandırdığımız bu mərhələnin ən uğurlu cəhəti ondan ibarətdir ki, narkotizmə qarşı mübarizədə dövlət orqanları ilə yanaşı ictimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradılmışdı.

Azərbaycan Respublikasında narkotizmlə və narkobizneslə mübarizənin əsası, tarixdə ilk dəfə olaraq, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli Qanunu ilə qoyulmuşdur.

Bəşəriyyətin bu dəhşətli bəlasına qarşı ayrı-ayrı dövlət strukturları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri (KİV), hüquq-mühafizə orqanları, təhsil və səhiyyə sistemi birgə mübarizə aparmaqla onun qismən də olsa yayılmasının və kütləvi hal almasının qarşısını ala bilər.

Narkomaniya haqqında ümumi anlayış

“Narkomaniya” yunan sözü olub, narko - bihuşluq, maniya - isə asılılıq deməkdir. Narkomaniya cəmiyyətin meydana gəldiyi, onun ayrı-ayrı siniflərə, sosial təbəqə və qruplara bölündüyü qə- dim zamanlardan yaranmışdır. Hələ qədim dövrlərdə tiryəkdən bəzi xəstəliklərin müalicəsində istifadə olunmuşdur. Qədim misirlilər tiryəkdən həvəsləndirici, eləcə də sakitləşdirici vasitələrin hazırlanmasında istifadə etmişlər. Tiryəkdən ilk dərman XVI əsrdə alınmış və onu icad edən isveçrəli həkim Paraselsin şərəfinə adlandırılmışdır. Sonralar isə bunun zəhərli maddə kimi orqanizmə əks təsirini, ölümə səbəb olduğunu müəyyənləşdirmişlər.

Avropa və Asiya qitələrində məskunlaşmış xalqların mifologiyasında yağlı xaşxaş insanların ağrı və əzablarının qənimi kimi qavranılmış, xaşxaş qozasından alınan şirə (tiryək) isə həmişə tibbi məqsədlər üçün istifadə edilmişdir. Tiryəkli preparatlar orta əsrlərdə təbabətdə geniş yayılmış, ondan hazırlanan dərmanlardan ruhi xəstələri sakitləşdirmək, əzabları azaltmaq, spazm və sarsıntıları, pozulmuş əsəb-sinir sistemini bərpa etmək kimi müalicə işlərində istifadə olunmuşdur. Artıq, getdikcə narkotik maddələrin hazırlanmasında, əkilib-becərilməsində xeyli təcrübə qazanmış insanlar müasir texnologiyalardan istifadə etməklə yeni uyuşdurucu maddələr istehsal edirdilər. XIX əsrin ortalarında narkomaniya tarixinin yeni bir dəhşətli mərhələsi narkotik maddələrin müasir üsulla - venadaxilinə yeridilməsi ilə başlanmışdır. Beləliklə, leksikona “narkotik”, “narkotik vasitələr” terminləri daxil olmuşdur.

Narkotik - mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddədir. O toksik maddə oldu- ğundan insanın bütün orqanizminə, ürək-damar sistemindən tutmuş, sinir sisteminə qədər mənfi təsir göstərərək, onun xarakterini dəyişir, xəstə özünü idarə edə bilmir. Orqanizm zəifləyir, bədən arıqlayır, insanın fiziki gücü tükənir. Bu da son nəticədə aqressivliyə, cinayətkarlığa və ölüm hallarına gətirib çıxarır. Uzun illərin 6 araşdırmaları göstərir ki, narkomanlıq insanı həqiqətən də fiziki və ruhi cəhətdən şikəst edir, onun ömrünü qısaldır. Erkən yaşından narkotik qəbul etməyə başlayan insanın orta ömrü 35-40 il olur. Narkoman narkotik maddələr qəbul edərkən, ən azı 10-15 nəfəri də narkomanlığa cəlb edə bilər.

BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyə- sinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun “Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə günü” kimi qeyd olunur. Ayrı-ayrı dövlətlər ildən-ilə narkotiklərin qanunsuz dövriyyəsi ilə səmərəli mübarizə üsullarını və narkomanlığın müalicə metodlarını təkmilləşdirmək və bu sahədə yeni mübarizə üsullarını kəşf etmək istiqamə- tində səylərini artırırlar. Fərdi şəkildə və ya beynəlxalq əməkdaş- lıq çərçivəsində bu problemə qarşı birgə mübarizə aparılmasına baxmayaraq, dünya üzrə narkomaniyaya düçar olanların sayı ildən-ilə artmaqdadır. Müxtəlif adamlar tərəfindən eyni iynədən venadaxili narkotik maddə qəbul etməyə görə 90 faiz narkoman QİÇS xəstəliyinə yoluxmuşdur. Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına görə 2011-ci ildə Yer kürəsində 210 milyon narkoman qeydə alınmışdır. Bu da 7 milyardlıq Yer kürəsi əhalisinin 3 faizi deməkdir. Onun 47 milyonu Latın Amerikası ölkələrinin payına düşür. Meksikada narkomanların sayı 1,2 milyona çatmışdır. Narkomaniya 12-17 yaş qrupu arasında daha geniş yayılmışdır. Marixuana kimi nisbətən yüngül narkotik maddələrdən istifadə edən şəxslər isə daha çoxluq təşkil edir və onların sayı 165 milyon nəfərdən artıqdır. Narkotik istehsalına görə Əfqanıstan dünya ölkələri sırasında bu gün də “liderliyi” qoruyub saxlayır. Statistikaya əsasən Avropa Birliyi ölkələrində narkomanların sayı 742 minə yaxındır. MDB və Asiya ölkələri də Qərbdən geri qalmır. Burada təxminən 26 milyon adam narkotik vasitələrdən istifadə edir.

Avropa və Asiya qitələrinin qovuşduğu ərazidə yerləşən Azərbaycan öz təbiəti, təbii sərvətləri etibarı ilə olduqca zəngin ölkədir. Ərazisinin çox geniş olmamasına baxmayaraq, Yer planetində mövcud olan 11 iqlim qurşağından 9-u ölkə ərazisindən keçir. Ona görə də bir gün ərzində respublikanın bir tərəfindən digər tərəfinə getməklə ölkə ərazisində səhra, yarımsəhra, mülayim, subtropik, kontinental və digər iqlim şəraitinə rast gəlmək olar. Məhz göstərilən iqlim şəraitləri ölkənin bütün bölgələrində narkotik tərkibli bitkilərin həm əkilib becərilməsinə, həm də belə bitkilərin yabanı halda bitməsinə şərait yaratmışdır. Məsələn, xaş- xaşın Qafqazda yayılmış 24 növündən 20-si Azərbaycanda bitir. Həmin 20 növdən 19-u həm də yabanı halda yetişir.

Azərbaycanın geosiyasi mövqeyi narkotiklərin qeyri-qanuni olaraq Avropaya daşınması üçün də əlverişlidir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən və digər ölkələrlə iqtisadi əməkdaşlığı genişləndirdikdən sonra, kriminal strukturlar üçün narkotik vasitələrin yayılması, çirkli pulların təmizə çıxarılması üçün əlverişli şərait yaradılmışdı. Beynəlxalq narkosindikatlar Azərbaycanın əlverişli vəziyyətindən istifadə edərək onu narkotik vasitələrin Müstəqil Dövlətlər Birliyi ölkələrinə və Avropaya aparılmasında tranzit əraziyə çevirməyə cəhd etmişdilər. Həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün sahələrdə olduğu kimi, narkotiklərin ölkə ərazisində qanunsuz dövriyyəsinə də öz mənfi təsirini göstərmişdir. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının 20 faiz ərazisinin işğalı, Azərbaycanın İranla olan dövlət sərhəddinin 132 kilometrinə Ermənistan silahlı qüvvələri tərəfindən nəzarət edilməsi nəticəsində həmin sahədən Avropa və Qara dəniz hövzəsi ölkələrinə, həmçinin, digər dövlətlərə narkotik maddələrin güclü axını həyata keçirilir. Dağlıq Qarabağ ərazisi narkotik tranziti, narkotiklərin becərilməsi, satılması, transmilli cinayət üçün nəzarətsiz zona kimi istifadə olunur. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazisinin narkoişbazlar üçün cəlbedici olması ölkəmizdə bu istiqamətdə ciddi mübarizə aparılmasını tələb edir ki, bu da hər bir şəxsin öz sahəsində narkomaniya və narkobiznesə qarşı vicdanla mübarizə aparması nəticəsində mümkündür.

Narkomaniya bəlası təkcə paytaxtımızla məhdudlaşmır. Ən ucqar əyalətlərimizdə belə bu bəlanın əlamətləri artmaqdadır. Statistik məlumatlara görə son illərdə respublikanın Cənub zonasında narkomanların sayı çoxalmağa başlamışdır. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2011-ci ilin iyul ayında verdiyi statistikaya əsasən Azərbaycanda təqribən 24 mindən çox narkoman qeydiyyata alınmış, onların təqribən 6 min nəfəri gənc, 70 faizi isə dispanser uçotundadır. Bu statistika, əsasən iki mənbədən əldə edilib - hüquq-mühafizə orqanlarında cinayət əməlinə görə və Səhiyyə Nazirliyində müalicə üçün qeydiyyata düşən narkotik istifadəçilərinin sayını ümumiləşdirməklə. Ancaq, ekspertlərin fikrincə, bu rəqəm gerçəkliyi əks etdirmir. Çünki, narkomanların heç də hamısı qeydiyyata düşmür. Əlbəttə, bir sıra başqa dövlətlərlə müqayisədə respublikamızda narkotizm o qədər də dəhşətli şəkil almamışdır. Lakin yaddan çıxartmamalıyıq ki, narkomanlıq yoluxucu xəstəlikdir, üstəlik də QİÇS-ə aparan bir yol kimi, gizli şəkildə, sürətlə yayılmaq xüsusiyyətlərinə malikdir.

Son illər respublikamızda narkotik vasitələrə və bihuşedici maddələrə qarşı mübarizə xeyli güclənmiş, bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, QHT-lər, ictimai təşkilatlar da fəallığı xeyli artırmışdılar. Bununla yanaşı, Azərbaycanda narkomaniyaya qarşı mübarizə üzrə maarifləndirmə işlərinin səviyyəsi də artırılmalıdır. Narkotiklərdən istifadənin təhlükəli nəticələri üzrə maarifləndirmə lazımi səviyyədə aparılmadığından, ölkədə narkomaniya “cavanlaşır”. Bu istiqamətdə maarifləndirmə nəinki Bakıda, həm də ölkənin regionlarında aparılmalıdır.

Azərbaycan Respublikasının narkomaniya və narkobiznesə qarşı mübarizədə həyata keçirdiyi tədbirlər

Ümummilli lider H.Əliyev cənabları, hələ 2000-ci il iyul ayının 5-də BMT Baş Katibinin müavini Pino Arlakki ilə görüşündə demişdir: “Narkotiklərlə mübarizə sahəsində biz bir çox tədbirlər görmüşük... Azərbaycan, coğrafi vəziyyətinə və mövqeyinə görə narkotiklərin Əfqanıstandan, Mərkəzi Asiyadan Qərbə, həm də İrandan Şimala, Qərbə daşındığı yolun üzərində yerləşir. Biz bunu bilirik, nəzərə alırıq, lazımı tədbirlər görürük... Ancaq biz arxayınlaşmırıq, həmin kanalların qarşısını almaq üçün daim lazımi tədbirlər görürük və görəcəyik. Biz nəinki narkotiklərin daşınması üçün tranzit ölkə kimi bununla mübarizə aparırıq, eyni zamanda istəyirik ki, ölkəmizin vətəndaşları arasında narkotik vasitələrdən istifadə yayılmasın...”

Narkotizmlə və narkobizneslə mübarizə terrorizmlə mübarizənin tərkib hissəsidir. Buna görə də indi dünyada, o cümlədən Azərbaycan Respublikasında narkotizmlə və narkobizneslə mübarizə işinə və onun qarşısının alınması problemlərinə yeni münasibət yaranmış və formalaşmışdır.

Ölkəmizdə narkotizmlə və narkobizneslə mübarizə onun ərazi bütövlüyünün, suverenliyinin bərpası, qorunub saxlanması və mühafizəsi, beynəlxalq terrorizmlə, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin həyata keçirilməsi zərurətindən irəli gəlir. Bu sahədə ölkədə lazım olan normativ-hüquqi baza, müvafiq təşkilati strukturlar yaradılmış və milli proqramlar hazırlanıb həyata keçirilmişdir. Bu gün bütün dünyada narkotizmin yayılmasının qarşısının alınmasında dünya dövlətləri BMT-nin qəbul etdiyi üç əsas Konvensiyanın (1961, 1971 və 1988-ci illər) ətrafında sıx birləşərək vahid mübarizə metodları hazırlamaqla bu dəhşətli bəlanın qarşısının alınmasında birgə səy nümayiş etdirirlər.

Müstəqil Azərbaycan Respublikası artıq iyirmi ildən çoxdur ki, beynəlxalq ictimaiyyət və aparıcı dünya dövlətləri ilə birgə bu problemin həlli yolunda ardıcıl və məqsədyönlü addımlar atır. Bu illər ərzində Azərbaycanda narkomaniyanın qarşısının alınması sahəsində müxtəlif istiqamətli işlər həyata keçirilmişdir. Bunların bəzi mühüm məqamlarını göstərmək yerinə düşərdi.

1992-ci ildə Azərbaycan Respublikası BMT-yə tam hüquqlu üzv olduqdan sonra “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” BMT-nin 1988-ci il konvensiyasına qoşulmuşdur. Ümummilli lider Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 1996-cı il avqustun 26-da “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında” müvafiq fərman imzalamış və problemin həlli üçün keçirilən tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu fərman əsasında ölkəmizdə 2000-ci ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlanmış, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır.

1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev BMT-nin Yaxın və Orta Şərqdə Narkotiklərin Qanunsuz Dövriyyəsinə Nəzarət üzrə Yardımcı Komissiyasının 32-ci sessiyasında çıxış edərək Azərbaycan Respublikasının bu problemin həllində ardıcıl addımlar atacağını və dünya ictimaiyyəti ilə bu məsələdə bir yerdə olacağını bir daha bəyan etmişdir.

1998-ci ildə Azərbaycan Respublikası BMT-nin “Narkotik vasitələr haqqında” 1961-ci il və “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyalarına qoşulmuşdur.

1999-cu il iyun ayının 18-də “Narkotik vasitələr, psixotrop maddələr və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu Milli Məclisdə qəbul olunaraq ölkə başçısı tərəfindən imzalanmışdır. Bu qanunun başlıca əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanda narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı, dərman preparatlarının və xammalın hazırlanması qanunla qadağan edilmişdir.

Ulu öndərin 15 iyul 2000-ci il tarixli fərmanı ilə “2000- 2006-cı ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə” Milli Proqram qəbul edilmişdir. Bu proqramın tələblərindən irəli gələn məsələlərin həlli, eləcə də aidiyyətli dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə xüsusi Dövlət Komissiyası yaradılmışdır.

2000-ci ildə Azərbaycan Respublikası Avropa Şurasına tam-hüquqlu üzv olduqdan sonra Avropa və dünya birliyinə inteqrasiya zəminində Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı ilə birgə “Cənubi Qafqazda Narkotiklərə Nəzarət” (SCAD) Regional Yardım Proqramı fəaliyyətə başlamışdır.

2001-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Narkoloji xidmət və nəzarət haqqında” Qanun qəbul olunmuşdur.

2005-ci ildə görülən işlərin məntiqi davamı kimi beynəlxalq qurumların tövsiyələrinə, qoşulduğumuz Konvensiyaların müddəalarına uyğun olaraq “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Milli Məclisdə qəbul olunmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən imzalanmışdır. Prezident İlham Əliyevin 28 iyun 2005-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanun narkotiklərlə mübarizə istiqamətində müvafiq dövlət və ictimai qurumlar qarşısında konkret vəzifələr qoymuş və bu istiqamətdə fəaliyyətin hüquqi bazasını təşkil etmişdir. Qanunun başlıca əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanda narkotik vasitələrin və psixotrop maddələrin alınması, saxlanması, satılması, əldə edilməsi, paylaşdırılması, buraxılması, daşınması, göndərilməsi, istifadə edilməsi, onların dövriyyəsinə dair sənədlərin tərtib edilməsi, narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı, dərman preparatlarının və xammalın hazırlanması qanunla qadağan edilmişdir. Qanunun 9-cu maddəsində narkotik vasitələrin və ya psixotrop maddələrin dövriyyəsinə dair Milli İnformasiya Mərkəzinin yaradılmasından, informasiya orqanlarının qarşısında qoyulan vəzifələrdən bəhs edilmişdir.

Azərbaycan Respublikası ərazisində narkomaniya və narkobizneslə bağlı mübarizə sahəsində hüquqi məsələləri tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, dəyişən şəraitə və tələblərə uyğunlaşdırılması hökumətin və dövlətin əsas fəaliyyət istiqamətlərindən biridir. Qəbul olunan qanunun və normativ aktların məqsədi narkotiklərin dövriyyəsi ilə bağlı sosial, iqtisadi, hüquqi münasibətlərdə baş verən dəyişiklikləri özündə əks etdirməkdir. Bununla yanaşı, ölkədə hüquq-mühafizə orqanları səviyyəsində də narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı lazımi mübarizə aparılır.

Azərbaycan hökuməti daima ölkə ərazisində narkomaniya və narkobiznesə qarşı mübarizədə uğurlar əldə etmək üçün bütün cavabdeh strukturların fəaliyyətinin əlaqələndirilməsinin başlıca meyar olduğunu qeyd edir. Ölkə başçısının 28 iyun 2007-ci il tarixli Sərancamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə uzrə Proqram”ın (2007-2012-ci illər) yerinə yetirilməsi istiqamətində Dövlət Komissiyasının işçi qrupunun müvafiq nazirlik, komitə və təşkilatlarla birgə gördüyü işlər çox əhəmiyyətlidir. Bunun üçun Təhsil, Gənclər və İdman nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti, Milli Elmlər Akademiyası, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri və digər qurumlar birgə fəalliyyət göstərməli, müalicə və reabilitasiya sahəsində profilaktik tədbirlərin səmərəsini artırmalıdırlar. Yalnız bu təqdirdə narkomaniya və narkobizneslə məşğul olan ayrı-ayrı şəxslərin, dəstələrin vaxtında ifşa olunmasında, onlara qarşı lazımi profilaktik tədbirlərin həyata keçirilməsində müvəffəqiyyət əldə etmək mümkündür.

Narkotizmlə və narkobizneslə mübarizədə regional və beynəlxalq əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə mü- badiləsi və elmi-texniki əməkdaşlığın inkişaf etdirilməsi səmə- rəli addımlardan biri hesab olunur. Belə əlaqələrin və əməkdaşlığın qloballaşması ilk növbədə müvafiq ölkənin özünün, bilavasitə, milli təhlükəsizliyinin təmin edilməsi baxımından əhə- miyyətlidir. Ona görə də milli təhlükəsizliyin təmin olunmasında narkomanlığın, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması və belə təzahürlərin aradan qaldırılması sahəsinda həyata keçirilən tədbirlər əsas yerlərdən birini tutur.

Bakıda 2011-ci il 17 oktyabr tarixində “Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda keçirilmiş ikigünlük beynəlxalq konfrans, bu baxımdan, çox böyük əhəmiyyət kəsb etmişdir. Dünya Gömrük Təşkilatının (DGT) və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı, BMT-nin dəstəyi ilə keçirilən konfransda 42 14 ölkənin müvafiq qurumlarının, 7 beynəlxalq təşkilatın 87-dən çox nümayəndəsi iştirak etmişdi. Tədbirdə müstəqilliyimizin bərpasından ötən 20 il ərzində Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin həmişə diqqət mərkəzində olması, narkotiklərlə mübarizə sahəsində təkmilləşdirilmiş normativ hüquqi bazanın mövcudluğu, ölkəmizin BMT-nin narkotik vasitələr və psixotrop maddələrlə əlaqədar baza konvensiyalarına qoşulması, bu sahədə məsələləri tənzimləyən çoxsaylı milli qanunvericilik aktlarının qəbul olunması qeyd edilmiş və yüksək qiymətləndirilmişdir.

Narkomaniyanın bəşəri problem olması ilə əlaqədar Respublikamızın bütün rayon və bölgələrində icra hakimiyyətlərinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə” rayon komissiyalarının 2011-ci il ərzində gördüyü işlər barədə hesabat xarakterli iclasları da keçirilmişdir.

Narkotikləri istər qəbul etmək, istər gətirmək, istərsə də satmaq cinayət tərkibli əməldir. Əgər hər hansı bir cinayət tərkibli əməldə ilbəil artım varsa və bu getdikcə gəncləri və yeniyetmələri daha çox özünə cəlb edirsə onun qarşısının alınması yolunda profilaktik tədbirlərin görülməsi mütləqdir. Azərbaycan hökuməti narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni dövlət səviyyəsinə qaldıraraq narkotiklərlə mübarizə sahəsində qabaqcıl dünya təcrübəsinə əsaslanan kompleks tədbirləri ardıcıl olaraq sistemli şəkildə həyata keçirir.

Narkomaniya və narkobiznesə qarşı mübarizədə kitabxanaların qarşısında duran vəzifələr

Bu gün bəşəriyyəti düşündürən, rahatsız edən ən ağrılı problemlərdən biri və ən başlıcası, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyadır. Əlbəttə, başqa dövlətlərlə müqayisədə respublikamızda narkomaniya o qədər də dəhşətli şəkil almayıb. Ancaq yaddan çıxarmaq olmaz ki, narkomanlıq yoluxucu xəstəlikdir. HİV virusuna, QİÇS-ə aparan bir yol kimi, gizli şəkildə sürətlə yayılmaq xüsusiyyətlərinə malikdir. Yeniyetmə və gənclərinin narkomaniyaya qurşanması onların təhsildən yayınmasına, ictimai həyatdan uzaqlaşmasına, ətrafdakı insanlara daha çox cinayətkar simasının aşılanmasına, ən əsası da sağlamlıqlarının zərbə altında qalmasına səbəb olur.

Bəzən həyətdə, küçədə, məktəbdə, işdə hətta bir narkomanın olması ətrafdakılara fəlakətli təsir göstərir. Çox vaxt narkotik qəbul etmək təklifi alan gəncin bu vasitələrin təhlükəliliyi haqqında informasiyaya malik olmaması, onun tərəfindən bu qorxunc və olduqca təhlükəli bəlanın başa düşülməməsi və təhlükəsinin lazımi dərəcədə qiymətləndirilməməsi şəraitində baş verir və bu dəhşətli vasitəyə ömürlük asılılıq yaranır. Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Bu məsuliyyətin mühüm bir hissəsi bütövlükdə cəmiyyətin, hər bir vətəndaşın, ictimai qurumların, kütləvi informasiya vasitələrinin (KİV), mədəni-maarif müəssisələrinin üzərinə düşür.

Bu sahədə kitabxanaların rolunu xüsusilə qeyd etmək lazımdır. Kitabxanaların narkomaniyaya qarşı apardığı təbliğat çox güclü vasitədir. Kitabxanalarda narkomaniya, narkobiznes və ona qarşı mübarizə mövzusunda tədbirlərin həyata keçirilməsi zamanı kütləvi işin üç: əyani, şifahi, mətbuat (çap) formasından istifadə etmək məqsədəuyğundur. Narkomaniya və narkobiznesə qarşı mübarizə mövzusunda yeniyetmə və gənc oxucular arasında mühazirələrin keçirilməsi vacibdir. Bu zaman mövzunun adı elə seçilməlidir ki, oxucularda maraq oyatsın. Məsələn: “Ağ ölümə qarşı mübarizə et!”, “Zərərli vərdişlər və ondan törənən fəsadlar”, “Bəşəriyyətin düçar olduğu bəla“, “Gəlin, gələcəyimizi qoruyaq!”, “Narkomaniyanın genofondumuza gətirdiyi fəsadlar”, “Narkomaniya və acınacaqlı həyat” və s. Əgər kitabxananın saytı varsa, ilk növbədə bu “ağ bəla” haqqında ətraflı məlumat çatdırmaq məqsədilə saytda müxtəlif məlumat bazaları, video çarxlar, elektron nəşrlər, fotolar yerləşdirmək məqsədəuyğun olardı. Kitabxananın saytında keçiriləcək hər bir tədbir haqqında ətraflı məlumat verilməli, keçirilmə tarixi, saatı, yeri göstərilməli, tədbirin adı, məqsədi, iştirakçıların, dəvət olunacaq qonaqların adları açıqlanmalı, istifadə ediləcək ədəbiyyatların siyahısı öz əksini tapmalıdır.

Mühazirə keçirilərkən onun hansı yaş qrupu üçün nəzərdə tutulduğu müəyyənləşdirilməlidir. Mühazirəçi mühazirənin əsas planını, mövzu üzrə ədəbiyyat mənbələrini, mühazirədə iştirak edəcək qonaqları əvvəlcədən müəyyən etməli, dəvətnamə və elan hazırlamalı, dəvətnamələr vaxtında ünvanlarına çatdırılmalı, hər hansı kinofilm, videoçarx, məlumat bazaları, elektron sərgilər, plakatlar və başqa əyani vasitələrin hazırlanması əvvəlcədən müəyyən edilməlidir. Bu zaman reklamdan da istifadə etmək olar. Bütün bunlar reklam vasitəsi ilə daha ətraflı işıqlandırılmalı və əhalinin nəzərinə çatdırılmalıdır. Bu da tədbirin geniş oxucu kütləsi arasında keçirilməsinə səbəb olar.

Tədbirdə icra hakimiyyəti, mədəniyyət şöbəsi, hüquq-mühafizə orqanı və rayon səhiyyə təşkilatının nümayəndələrinin iştirakı da məqsədəuyğun olardı. Mühazirədə yuxarı sinif şagirdlərinin, məktəbin müəllim kollektivinin, valideyn heyətinin 17 iştirakı da mütləqdir. Tədbir aparıcının giriş sözü ilə başlamalı, mühazirənin mövzusu elan edilməli, dəvət olunmuş qonaqlar təqdim edilməlidir. Sonra mühazirəçı 10-15 dəqiqəlik mühazirə ilə çıxış etməli, narkotik vasitələrin insan orqanizminə vurduğu zərərli təsirdən, onun törətdiyi ağır fəsadlardan, gənclərin sağlam nəsil artırmaq qabiliyyətinə malik olmamalarından danışmalıdır. Əlaqədar təşkilatlardan dəvət olunmuş qonaqların mövzu ətrafında çıxışları, iştirakçıların yazılı formada verəcəkləri sualların onlar tərəfindən açıqlanması tədbirin təsir gücünü daha da artıra bilər. Yaxşı olardı ki, narkomaniyaya həsr olunmuş bütün tədbirlərdə oxucuların, gənc və yeniyetmələrin diqqəti narkotik qəbulunun son halına yönəldilsin. Onların başa düşəcəyi dildə söhbət aparılsın. Narkotikdən törənən acınacaqlı faciələrdən danışılsın. Çünki, psixoloqların fikrincə narkomanlar heç vaxt bu kimi asılılıqlardan, sonrakı fəsadlardan öz ya- şıdlarına danışmırlar. Tədbiri gənc rejissor Vasif Acalovun “Narkomaniyaya yox deyək!” layihəsi əsasında hazırladığı “Paranormal həyat” adlı qısametrajlı filminin nümayişi ilə bitirmək olar.

Kitabxanada narkomaniya və narkobiznesə qarşı mübarizə ilə bağlı söhbətlər də keçirilə bilər. Məsələn, “Gəncləri narkomaniyaya doğru aparan yol”.

Tədbirin uğuru aparıcının savad və hazırlığından, onun müzakirəyə bütün oxucuları cəlb etmək bacarığından da asılı- dır. Söhbətin keçirilməsində əsas məqsəd oxuculara ictimaisiyasi həyatda mürəkkəb, ziddiyyətli hadisələrə düzgün yanaşmaq, həyatın çətin anlarından düzgün baş çıxarmalarına köməklik göstərməkdir. Tədbir keçirilərkən oxucuların “ağ ölü- mün” zərərləri haqqında maariflənməsinə, narkomaniyaya səbəb olan amillər və ondan törənən fəsadların qabarıq şəkildə açıqlanmasına xususi fikir vermək lazımdır. Söhbəti narkomaniyaya aid qəzet və ya jurnal məqalələrinin oxunuşundan, mövzuya uyğun hər hansı bir sualın qoyuluşundan, kiçik bir söhbətdən, mövzu ilə əlaqədar video çarxın, sənədli filmlərin nümayi- şindən başlamaq olar. Söhbət zamanı aparıcı mövzuya dair bütün məsələləri əhatə etməli, aydın, yaddaqalan misallar, inandırıcı sübutlar göstərməlidir. Belə tədbirlərə hüquq-mühafizə orqanlarının əməkdaşlarının, millət vəkillərinin, səhiyyə işçilərinin, psixoloqların, narkomanlıqdan nicat yolu tapmış şəxsin də cəlb edilməsi tədbirin lazımi şəkildə istiqamətləndirilməsində, gənc və yeniyetmələrdə narkomaniya sahəsində anlayışların düzgün formalaşmasında çox əhəmiyyətlidir.

Narkomaniya və narkobiznesə qarşı mübarizəyə dair oxucu konfranslarının keçirilməsi də vacibdir. Bu zaman kitabxanaçı-aparıcı keçiriləcək konfransın adını, keçirildiyi mühit və şəraiti, çıxışları, dəvət olunmuş qonaqların siyahısını və mövzu ətrafında dolğun çıxışlarını, tədbir keçirildiyi ərəfədə istinad edəcəyi görkəmli şəxslərin kəlamlarını, maraqlı fakt və materiallardan nümunələri əvvəlcədən müəyyənləşdirməli və bütün bunlar qabaqcadan kitabxanaçı tərəfindən tərtib olunmuş planda öz əksini tapmalıdır. Kitabxanaçı, həmçinin, dəvətnamələr yazmağı, elan hazırlamağı da unutmamalıdır. Elanda keçiriləcək tədbirin tarixi, yeri, dəqiq saatı göstərilməli, dəvətnamələr vaxtında lazımi ünvanlarına çatdırılmalıdır. Əvvəldə qeyd etdiyimiz kimi bütün bunlar kitabxananın saytında vaxtında verilməlidir. Tədbir zamanı narkomaniyaya düçar olmuş insanların acınacaqlı aqibətlərini əks etdirən sənədli filmlərin nümayişini də təşkil etmək olar.

Narkomaniya və narkobiznesə qarşı mübarizə mövzusunda kitab icmalı keçirərkən ilk növbədə mövzu ilə bağlı son dövrdə nəşr olunmuş müxtəlif tipli kitablar seçilməli, onların sərgisi təşkil olunmalıdır. Kitab icmalı keçirərkən hər kitaba geniş xarakteristika verilməlidir. Ona görə də icmala yalnız mövzu ilə bağlı bir və ya bir neçə kitab daxil edilir. Məsələn, “Gəlin, narkomaniyaya yox deyək!” mövzusunda kitab icmalı keçirmək olar. Bu zaman Natiq Rəsulzadənin son dövrdə nəşr olunmuş “Kabuslar arasında” kitabının icmalını təşkil etmək olar. İcmalın əvvəlində mövzunun adı, məqsədi bildirilir. Bu prosesdə biblioqrafik təsvir, müəllif haqqında məlumat, kitabın məzmunu, onun keyfiyyətləri və nöqsanlarından yığcam danışılır, tərbiyəvi əhəmiyyəti qeyd olunur. Kitab icmalının planı, mətni işçilər və kitabxana işinə cəlb edilmiş fəallarla əvvəlcədən müzakirə edilməlidir. Kitab icmali keçirərkən imkan daxilində müəllifin iştirakı da yerinə düşərdi. Kitabxanalar, həmçinin yeni kitabların təqdimatını da keçirə bilərlər. Kitabın təqdimat mərasimi aparıcının 3-5 dəqiqəlik giriş sözü ilə başlayır. O, tədbir iştirakçılarını salamlayaraq, təqdimatın məqsədi, kitabın mövzusunun aktuallığı, gənc nəslin tərbiyəsindəki rolundan bəhs edir. Aparıcı təqdim olunan kitabın ya özünü, ya da fotoşəklini nümayiş etdirir. Texniki vasitələri olan olan kitabxanalarda proyektorun köməyi ilə ekranda kitabın elektron variantı da nümayiş etdirilə bilər. 10-15 dəqiqə ərzində kitabın kimlər üçün nəzərdə tutulduğu barədə danışılır, elektron variantda kitabın içindəkilər (mündəricatı) göstərilir. İştirakçılara kitabın yerləşdiyi İnternet ünvanları haqqında məlumat verilir. Bir neçə dəqiqə oxucularla dialoq aparılır. Kitabın əhəmiyyəti haqqında rəy və mülahizələr öyrənilir. Mövzuya uyğun suallar verilir. Sualların yazılı formada verilməsini də təşkil etmək lazımdır. Bu hal iştirakçıların fəallığının artmasına, tədbirdə sıxılmayaraq iştirak etməsinə, onu maraqlandıran suallara dolğun cavab tapmasına səbəb olar. Mərasimdə müəllifin iştirakı da çox vacibdir, çünki, ortaya çıxan bir çox sualları yalnız o cavablandıra bilər. Tədbir 5-10 dəqiqəlik son sözlə yekunlaşdırılır. Bu zaman kitabın əhəmiyyəti bir daha qeyd olunur, əldə olunma yolları haqqında məlumat verilir. Kitabxanalar narkomaniya, narkobiznes və ona qarşı mübarizə mövzusu ilə bağlı öz tədbirlərini böyük auditoriyalarda: məktəblərdə, Gənclər mərkəzlərində, Peşə məktəblərində, liseylərdə, ali məktəblərdə təşkil edə bilsələr əhəmiyyəti daha 20 böyuk olar. Məsələn: “Narkomaniyaya YOX deyək!” və ya “Yüksək mənəviyyatlı gənclik uğrunda!” mövzusunda mövzu gecəsi keçirmək olar. Mövzu müəyyən olunduqdan sonra kitabxanaçı mövzu ilə yaxından tanış olmalı, sənədli materiallar, dəqiq faktlar əsasında tədbirin planını, ssenarisini tərtib etməlidir. Bu səpkidə tədbirin hazırlanması yaradıcılıq qabiliyyəti tələb edir. Təşkilatçı tədbirin əvvəlindən axırına kimi bütün elementləri (çıxış, rəy, qonaqlara söz vermə, səhnəciklər) ssenaridə əks etdirir. Tədbirin keçiriləcəyi yer, iştirakçıların yerləşdirilməsi, aparıcıların yeri, qonaqların qarşılanması, tədbir keçiriləcək yerin mövzuya uyğun bəzədilməsi əvvəlcədən dəqiqləşdirilir. Lazımi stend, sərgi, plakat, fotomontajlar əvvəlcədən planlı şəkildə hazırlanır. Gecə üçün təşkil olunmuş sərgidə mövzuya uyğun kitabların siyahısını da iştirakçılara təqdim etmək məqsədəuyğundur. Bu cür tədbirdə məktəbin özfəaliyyət dərnəyinin üzvlərinin, kitabxananın fəal oxucularının iştirakı ilə dramaturq Marat Haqverdiyevin “Məhəbbət, şeytan və ağ ölüm” əsərindən səhnəciklər göstərmək, şeir parçaları səsləndirmək, sənədli filmlərin nümayişini təşkil etmək olar. Tədbirin planı, ssenarisi hazırlanarkən fəal oxucuların fikirlərini də bilmək vacibdir.

Kitabxanada narkomaniya mövzusunda “Sual-cavab gecəsi” keçirərkən əvvəl mövzunun mahiyyətini, əhəmiyyətini açan kitablar seçilməli, gecənin keçiriləcəyi yeri və vaxtı göstərən elan hazırlanmalı, gecədə qoyulacaq suallar əvvəlcədən müəyyənləşdirilməlidir. Tədbirin məktəblilər arasında keçirilməsi daha məqsədəuyğun olardı. Sorğu keçirilərkən uşaqların yaş xüsusiyyətləri nəzərə alınmalıdır. Sualların qabaqcadan müəyyənləşdirilməsinə baxmayaraq, tədbir zamanı yeni sualların meydana çıxması istisna edilmir. Tədbirdə iştirakçıların suallarını yazılı şəkildə vermələrinə də şərait yaradılmalıdır. Bu onlara sıxılmayaraq maraqlandıqları suallara ətraflı cavab tapmalarına imkan verər. Qoyulan sualların əhatəli şəkildə işıqlandırılmasını, müzakirəsini, cavablandırılmasını təmin etmək üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarını, səhiyyə işçilərini, müəllim kollektivini, valideyn heyətini də tədbirə dəvət etmək çox yerinə düşərdi. Həmçinin, verilən suallara daha ətraflı cavab vermək üçün sual-cavab gecələrində əyani materiallardan, fotomontajlardan, kitab vitrin və sərgilərindən istifadə etmək, mövzu ilə bağlı ədəbiyyatları dinləyicilərə tövsiyə etmək çox vacibdir.

“Narkomaniya, gəncliyimiz və ondan törənən fəsadlar” mövzusunda keçirilən sual-cavab gecəsində aşağıdakı suallar ətrafında müzakirə aparmaq olar:

Siz asudə vaxtınızı necə keçirirsiniz?

Narkomaniya nədir və narkomanlara münasibətiniz necədir?

Narkotiklərin xassələri, onun şəxsiyyətə və insan orqanizminə olan ziyanı haqqında nə bilirsiniz?

Gəncləri cinayətə, pis vərdişlərə sövq edən nədir?

Siz gələcəyinizi necə görmək istərdiniz? Sual-cavab gecəsi cavabların auditoriyanı nə dərəcədə qane etməsi, növbəti gecənin hansı mövzuya həsr olunması və nəhayət, aparıcının yekun sözləri ilə bitir. “Sual-cavab” gecə- sində “Narkomaniya gənclərin düçar ola biləcəyi ən böyük fəlakətdir” adlı stendi də tədbir zamanı nəzərə çarpan yerdə təşkil etmək lazımdır.

Kitabxanalarda narkomaniya və narkobiznesə qarşı mübarizə mövzusunda vitrin, guşə və sərgilərin də rəngarəng tərtibinə xüsusi fikir verilməli, fotomontajdan istifadə edilməli, seçilmiş hər bir kitab, şəkil, sitatlar dəqiqliklə müəyyənləşdirilməlidir. Fotomontaj fotoşəklin lazımlı hissəsini kəsib başqa şəkillərlə əlaqələndirmək imkanı verir. Bu da narkotik istifadəçilərinin əvvəlki və narkotikə aludə olduqdan sonrakı vəziyyətini əyani şəkildə əks etdirməyə imkan yaradar. Bu işi çox baçarıqla yerinə yetirmək lazımdır. Çünki, ən adi detal belə gənc və yeniyetmə oxucunun diqqətinə düzgün çatdırılmalı, onu narko-tikə, narkomanlara uymamağa səsləməlidir.
Kütləvi tədbirlərin ən təsirli formalarından biri kitab sərgiləridir. Bu mövzuda təşkil olunmuş sərgi bir oyanış, çağı-rış, ayıqlıq xarakteri daşımalı, maraqlı olmalı və kitabxananın elə bir yerində təşkil olunmalıdır ki, oxucuların diqqətindən yayınmasın və hər zaman onları düzgün həyat tərzi qurmağa, pis vərdişlərə uymamağa səsləsin. Kitabxanada “Dünyamızı narko-maniya bəlasından qoruyaq” adlı sərgi təşkil etmək olar. Sərgidə aşağıda təqdim etdiyimiz sitatlardan, adları verilmiş kitablardan, eləcə də qəzet və jurnal materiallarından, müxtəlif foto-şəkillərdən, statistik məlumatlardan istifadə etmək olar.