1897-ci ilin fevralında ilk şəhər kitabxanası yaradılmışdır. Təməli M.M.Nəvvab tərəfindən qoyulan ilk kitabxana-qiraətxananın çoxlu sayda ziyalı üzvləri olmuşdur. M.M.Nəvvab özünün daş mətbəəsində Şuşa şairlərinin şerlərini çap etdirmişdir.Kitabxananın yaradılmasında şairə Nətəvanın oğlu Mehdiqulu xanın, həkim Kərim Bəy Mehmandarovun böyük xidmətləri vardır.Sovet Hakimiyyəti dövründə M.M.Nəvvabın yaratdığı kitabxananı oğlu Miriş Ağa işlətmişdir. Daha sonralar Şuşa şəhərində 2 kitabxana fəaliyyət göstərmişdir. Bunlar şəhər və uşaq kitabxanası olmuşdur.
Mədəniyyət Nazirinin əmri ilə 1977-ci ilin may ayında kitabxananın fəaliyyəti genişləndirilərək Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi kimi fəaliyyətini davam etdirmişdir.
Məlum Qarabağ hadisələri ilə bağlı 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən Şuşa işğal edilmişdir.Tarixi abidələrimiz, o cümlədən 200 min nüsxədən artıq kitab fondu olan Mərkəzi Kitabxana da məhv edilmişdir. Bütün çətinliklərə baxmayaraq, işğaldan sonrakı dövrdə 1993-cü ilin fevral ayından Mədəniyyət Nazirinin əmri əsasında Şuşa rayon Mərkəzi Kitabxanası fəaliyyətini Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küç., 2A ünvanında davam etdirir. MKS-in Bakı şəhərində, Pirşağı qəsəbəsində,Yeni Ramana-450 qəsəbəsində, Şəki şəhərində əhalinin kompakt yaşadığı yerlərdə kitabxana filiallarının fəaliyyəti bərpa olundu.Hazırda Şuşa rayon MKS-nin 37033 min kitab fondu oxucuların istifadəsinə verilmişdir.
Hazırda yeni struktur dəyişiklikləri əsasında MKS-nin şəbəkəsində oxuculara xidmət şöbəsi, metodika və biblioqrafiya şöbəsi, komplektləşdirmə və kitabişləmə şöbəsi, informasiya-resurs şöbəsi, uşaq şöbəsi ,kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi fəaliyyət göstərir.