Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS
Rayon haqqında
27 Aprel , 2015

Eramızın II əsrində yaşamış qədim Roma tarixçisi Gaius Cornelius Tacitus (Tasit) Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu (latın dilində «ş» səsi yoxdur) şəhərinin olması haqqında məlumat vermişdir. Xalq əfsanəsinə görə, bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün, onu "Şuşa" (şüşə) adlandırmışlar.

Dəniz səviyyəsindən 1300-1600 metr yüksəklikdə yerləşən Şuşa şəhərinin cənubunda Qafqazın ən qədim yaşayış məskənlərindən biri yerləşir. XX əsrin 70-ci illərində Şuşa mağara düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı burada paleolit dövrünə aid daş alətlər aşkar olunmuşdur. Bu ərazilər tarixi Azərbaycan torpaqlarının – Midiya dövlətinin, Qafqaz Albaniyasının, Qarabağ xanlığının ayrılmaz hissəsidir. Şuşa Qarabağ xanlığının hərbi-strateji əhəmiyyətli və iqtisadi, siyasi, mədəni mərkəzi kimi yaranmış və inkişafı etmişdir.

Şuşa şəhəri XVIII əsrin 50-ci illərinin əvvəllərində Qarabağ xanı Pənahəli xan tərəfindən, Şuşa kəndinin yaxınlığında abadlaşdırılaraq yenidən salınmışdır. İlk çağlarda Şuşa adı ilə yanaşı, şəhəri xanın şərəfinə Pənahabad adlandırırdılar. Onun hakimiyyəti illərində, 1757-ci ilə qədər burada çoxlu abidələr tikilib. Onun oğlu İbrahimxəlil xanın hakimiyyəti illərində şəhər böyüyüb, müdafiə bəndləri və qalalar tikilib. Feodal ara müharibələri dövründə Şuşa bir neçə dəfə möhkəmlik sınağından uğurla çıxaraq qalib gəlib.