Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS

Qanunlar, Sərəncamlar, Fərmanlar
KİTABXANA XİDMƏTİNİN TƏŞKİLİ
11 Aprel , 2015

Maddə 20. Kitabxana xidməti və onun vəzifəsi

Kitabxanalar çap əsərlərindən və digər informasiya daşıyıcılarından səmərəli istifadə etmək məqsədilə kompleks kitabxana, biblioqrafiya xidmətləri göstərir.

Bu xidmətlər abonentləri ədəbiyyat və informasiya ilə təmin etmək, informasiya daşıyıcılarının seçilməsində kömək göstərmək məqsədi daşıyır.

Kitabxana xidməti abonement, qiraət zalı, kitabxanalararası və beynəlxalq abonement, biblioqrafiya, elmi-texniki informasiya, fərdi və kütləvi, yazılı və şifahi, stasionar və qeyri-stasionar, qiyabi, kompleks vasitələrlə təşkil edilir.

Kitabxana xidmətinin vəzifəsi kitabxana sərvətlərinin, dünya ədəbiyyatı nümunələrinin etibarlı şəkildə toplanması, qorunması və gələcək nəsillərə çatdırılmasından, onların əhali arasında geniş təbliğindən, bəşəri dəyərlərə yiyələnmək, müstəqil və yaradıcı düşünən vətəndaş yetişdirilməsinə fəal yardım etməkdən ibarətdir.

Maddə 21. Kitabxanaların hüquqları

Kitabxanaların hüquqları aşağıdakılardır:

Nizamnamələrində göstərilən məqsəd və vəzifələrin həyata keçirilməsi üsullarını və formalarını müəyyənləşdirmək;

kitabxana fondunun komplektləşdirmə mənbələrini müəyyənləşdirmək;

köhnəlmiş və ya yararsız hala düşmüş kitabları qanunvericilikdə müəyyən olunmuş qaydada kitabxananın fondundan çıxarmaq;

fiziki və hüquqi şəxslər tərəfindən kitabxanaya dəymiş ziyanın ödənilməsini qanunvericilikdə müəyyən olunmuş qaydada tələb etmək;

kitabxana birliklərinin yaradılmasında iştirak etmək;

beynəlxalq kitabxana təşkilatları ilə əlaqə yaratmaq, kitabxana, biblioqrafiya və informasiya sahəsinə keçirilən tədbirlərdə iştirak etmək.

Maddə 22. Kitabxanaların vəzifələri

Kitabxanalar oxucuların mədəniyyət təsisatları və mədəni sərvətlərdən istifadə etmək hüquqlarını, habelə məlumat əldə etmək azadlığını təmin etməli, onların kitabxana fondlarından tam istifadə etməsi üçün hər cür şərait yaratmalıdırlar.

Maddə 23. Kitabxanalardan istifadə sahəsində oxucuların hüquq və vəzifələri

Azərbaycan Respublikasında hər kəsin kitabxanalardan istifadə etmək hüququ vardır.

Kitabxanalardan istifadə qaydaları və göstərilən xidmətlər kitabxanaların nizamnamələri və müvafiq normativ hüquqi aktları ilə müəyyənləşdirilir.

Oxucuların kitabxanalardan istifadə hüquqlarını məhdudlaşdırmaq qadağandır.

Oxucular kitabxanalardan istifadə qaydalarına əməl etməli, kitab fonduna qayğı ilə yanaşmalı, çap materiallarının və digər vasitələrin itirilməsinə və ya yararsız hala salınmasına yol verməməlidirlər.

 

V fəsil

KİTABXANA İŞİNİN İDARƏ OLUNMASI

Maddə 24. Kitabxana işinə dövlət idarəetməsi

Azərbaycan Respublikasında kitabxana işinə dövlət idarəetməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Maddə 25. Kitabxana işində ictimaiyyətin iştirakı

Dövlət və qeyri-dövlət orqanları, kitabxana işi sahəsində ictimai birliklər, hüquqi və fiziki şəxslər, kitabxana fondlarının zənginləşdirilməsi, oxuculara xidmət işinin təkmilləşdirilməsi, kitabxanaçılıq proqramlarının və tədbirlərinin hazırlanması və həyata keçirilməsində iştirak edirlər.

Maddə 26. Kitabxana işinin elmi-metodik və kadr təminatı

Mülkiyyət formasından asılı olmayaraq kitabxanaların elmi-metodik təminatı Milli Kitabxana və elmi-metodik mərkəz statusuna malik olan kitabxanalar tərəfindən həyata keçirilir.

Elmi-metodik mərkəz statusuna malik olan kitabxanalar kitabxanaşünaslığa, biblioqrafiyaya və informasiyaya dair metodik materiallar nəşr edir, kitabxanaçılıq nəzəriyyəsi və təcrübəsində mütərəqqi iş üsullarını ümumiləşdirib tətbiq edir, kadrların ixtisasının artırılmasını təmin edir.

Kitabxanaların kadr təminatında müvafiq peşə-ixtisas təhsili olan şəxslərə üstünlük verilir. Müstəsna hallarda müvafiq peşə-ixtisas təhsili olmayan, ancaq yüksək təcrübəyə və kitabxanada çoxillik iş stajına malik olan mütəxəssislər də kitabxanada işləyə bilərlər.

Maddə 27. Kitabxanaların maliyyələşdirilməsi

Dövlət mülkiyyətində olan kitabxanalar dövlət büdcəsi, büdcədənkənar daxilolmalar və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. Bələdiyyə və özəl mülkiyyətdə olan kitabxanalar isə öz vəsaitləri və qanunvericiliklə tənzimlənən fəaliyyətindən əldə edilmiş gəlirlər hesabına maliyyələşdirilir. [2]

Dövlət kitabxanaları maliyyələşdirilərkən büdcədən kitab fondlarının komplektləşdirilməsinə yönəldilən vəsait ayrıca maddədə göstərilməli və bu vəsait müntəzəm olaraq artırılmalıdır. Ayrılmış vəsait kitabxanaların sərəncamında qalır və onların nizamnamə fəaliyyətini həyata keçirmək üçün istifadə edilir.

(Çıxarılıb) [3]

Maddə 28. Dövlət kitabxanalarının büdcədənkənar vəsaitləri

Dövlət kitabxanalarının işinin genişləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və əməyin stimullaşdırılması məqsədilə nizamnamələrində göstərilən qaydada təsərrüfat fəaliyyəti və pullu xidmət əsasında büdcədənkənar fondlar formalaşdırıla bilər.[4]

Dövlət kitabxanalarında pullu xidmət yalnız əlavə əmək sərfi tələb edən və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən xüsusi xidmət növlərinə aid edilir.

Dövlət kitabxanalarında pullu xidmətin haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [5]

Maddə 29. Kitabxanaların inkişaf fondu

Kitabxanaların maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə dövlət və qeyri-dövlət inkişaf fondları təsis edilə bilər. Bu fondlar təsisçilərin payları, hüquqi və fiziki şəxslərin könüllü ayırmaları, qanunvericilikdə müəyyən olunmuş qaydada keçirilən lotereya və digər məqsədli kommersiya tədbirlərindən daxil olan vəsaitlər hesabına yaradılır.

Maddə 30. Kitabxanaların maddi-texniki təchizatı

Kitabxanalar kitab fondunun saxlanılması və oxuculara xidmət etmək üçün xüsusi layihə ilə tikilmiş binalarla və kitabxana işini avtomatlaşdırmaq üçün zəruri vasitələrlə təmin edilməlidirlər.

Maddə 31. Kitabxanaların əmlakı və təsərrüfat fəaliyyəti

Kitabxana onun mülkiyyətində olan və ya idarəçiliyinə verilmiş əmlakdan Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq istifadə edir.

Xidmət fəaliyyətini genişləndirmək məqsədilə dövlət kitabxanalarına torpaq sahələri və əlavə binalar ayrıla bilər.

Kitabxanalar qanunvericilikdə müəyyən olunmuş qaydada nizamnamələrinə uyğun olaraq təsərrüfat fəaliyyəti ilə məşğul ola bilərlər. Bu fəaliyyətdən əldə edilən vəsait bütövlükdə kitabxananın(dövlət kitabxanaları istisna olmaqla) sərəncamında qalır. [6]

Maddə 32. Kitabxana işçilərinin sosial müdafiəsi

Dövlət kitabxana işçilərinin sosial müdafiəsinə təminat verir.

Kitabxana işçilərinin əmək haqları elm və təhsil sahələri işçilərinin əmək haqlarından aşağı olmamalıdır.

Kitabxanaların statusu, spesifik xüsusiyyətləri nəzərə alınmaqla işçilərə əmək haqqından əlavə digər ödənişlər tətbiq edilə bilər.

Müvafiq icra hakimiyyəti orqanları, müəssisə, idarə və təşkilatlar öz tabeçiliyində olan kitabxanaların işçilərinə əlavə kompensasiyalar müəyyən edə bilərlər.

Kitabxana işçiləri öz peşə və sosial hüquqlarını təmin etmək məqsədilə qanunvericilikdə müəyyən olunmuş qaydada ictimai birliklər yarada bilərlər.

 

VI fəsil

YEKUN MÜDDƏALARI

Maddə 33. Kitabxana işi sahəsində beynəlxalq əməkdaşlıq

Kitabxana işi sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr əsasında həyata keçirilir.

Kitabxanalar və kitabxana işi sahəsində ictimai birliklər beynəlxalq kitabxana təşkilatları, xarici ölkələrin kitabxanaları və kitabxana işi sahəsində ictimai birlikləri ilə əməkdaşlıq edə bilərlər.

Maddə 34. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun pozulmasında təqsirli olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

 

Azərbaycan Respublikasının Prezidenti  HEYDƏR ƏLİYEV


Bakı şəhəri, 29 dekabr 1998-ci il
№ 611-IQ