Şuşa şəhər Mərkəzi kitabxanası

Şuşa şəhər MKS

Qanunlar, Sərəncamlar, Fərmanlar
Kitabxana işi haqqında Azərbaycan Respublikasının Qanunu
11 Aprel , 2015

Bu Qanun Azərbaycan Respublikasında kitabxana işi sahəsində dövlət siyasətinin əsas prinsiplərini, kitabxana işinin və kitabxana sisteminin ümumi əsaslarını, kitabxana fondlarının formalaşdırılması və mühafizəsi tələblərini, kitabxanaların maliyyələşdirilmə mənbələrini, kitabxanalardan istifadə sahəsində vətəndaşların hüquq və vəzifələrini, kitabxana işi sahəsində beynəlxalq əməkdaşlığın prinsiplərini müəyyən edir.

I fəsil

ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar

Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:

kitabxana — elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisəsi kimi çap əsərlərini və digər informasiya daşıyıcılarını toplayıb mühafizə edən, onların sistemli ictimai istifadəsini təşkil edən, cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına xidmət göstərən sosial institut;

kitabxana işi — elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə fəaliyyəti sahəsi kimi kitabxana sisteminin təşkili və inkişafını, kitabxana fondlarının formalaşdırılmasını, hüquqi və fiziki şəxslərə kitabxana, informasiya və biblioqrafiya xidməti qaydalarını, kitabxanaçı-biblioqraf kadrların hazırlanmasını, kitabxanaların inkişafının elmi-metodik təminatını əhatə edən fəaliyyət sahəsi;

kitabxanaçı — kitabxana işi sahəsində fəaliyyət göstərən müvafiq ixtisaslı mütəxəssis;

sənəd — informasiyanın mətn, səs yazma və təsvir formasında qeydə alınan, müəyyən zaman və məkan daxilində informasiyanın verilməsi və ya qorunması məqsədini daşıyan maddi obyekt;

kitabxana fəaliyyəti — oxucuların sərbəst surətdə informasiya almaq hüququnu təmin etmək, onların kitablara, dövri nəşrlərə və kitabxana fondunu təşkil edən digər sənədlərə olan tələbatını ödəmək məqsədilə həyata keçirilən fəaliyyət;

mərkəzləşdirilmiş kitabxana sistemləri — eyni sistemə aid olan kitabxanaların vahid strukturda könüllü birləşməsi;

kitabxana fondu — ictimai istifadə məqsədilə kitabxananın vəzifələrinə uyğun şəkildə formalaşmış çap əsərləri və digər məlumat daşıyıcılarının məcmusu.

Maddə 2. Kitabxana işi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi

Kitabxana işi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə bu Qanun arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

Maddə 3. Kitabxana işi sahəsində dövlət siyasətinin əsas prinsipləri və dövlətin vəzifələri

Kitabxana işi sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:

Kitabxanalarda mühafizə olunan mədəni sərvətlərdən və informasiya vasitələrindən istifadənin hamı üçün açıq olması;

milli sərvət olan kitabxanalara dövlət qayğısı, onların fondların toxunulmazlığı və üstün maliyyələşdirilməsi.

Kitabxana işi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

Kitabxana işinin inkişafına dair Dövlət Proqramının hazırlanması və həyata keçirilməsi;

kitabxana fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının qəbul və tətbiq edilməsi;

kitabxana işinin avtomatlaşdırılması və kitabxana fondlarının tədricən müasir informasiya daşıyıcılarına köçürülməsi, elektron mübadilə sistemlərindən (internetdən və s.) istifadə və milli fondların həmin sistemlərdə əks olunması;

- milli və dünya mədəniyyəti sərvətlərinə yiyələnməyə yönəldilən informasiya sisteminin yaradılması;

dövlət kitabxana fondlarının mühafizəsi və inkişafı, dövlət kitabxanalarının milli və xarici ədəbiyyatla ardıcıl təchizatı sisteminin yaradılması;

xarici ölkə kitabxanalarında saxlanılan milli sərvət hesab olunan nadir kitabların və əlyazmaların (imkan olmadıqda surətlərinin) Azərbaycan Respublikasına qaytarılmasının təmin olunması;

dövlət kitabxana binalarının tikilməsi, əsaslı təmiri, dövlət kitabxanalarının müasir avadanlıq və texniki vasitələrlə təchiz edilməsi;

kitabxana işinə dair elmi tədqiqatların və metodik tədbirlərin həyata keçirilməsinə köməklik göstərilməsi;

kitabxana kadrları hazırlayan və ya onların ixtisasının artırılmasını həyata keçirən təhsil müəssisələrinin yaradılması və fəaliyyətinin təşkili;

təbii fəlakət, silahlı münaqişə və müharibə zamanı kitabxana fondlarının mühafizəsinin təmin olunması;

qeyri-dövlət kitabxanalarının inkişafına şərait yaradılması;

kitabxana işinə dair dövlət standartlarının müəyyən olunması;

kitabxana fondlarının statistik uçotunun aparılması.

Maddə 4. Kitabxana fəaliyyətinin əsas istiqamətləri

Kitabxana fəaliyyətinin əsas istiqamətləri sənəd-informasiya fondlarının formalaşmasından, mühafizəsindən və bu materialların hüquqi və fiziki şəxslərə istifadəyə verilməsindən, kitabxanalarda toplanıb saxlanılan informasiya vasitələrinin mübadiləsinə imkan verən vahid informasiya məkanının yaradılmasından ibarətdir.

 

II fəsil

KİTABXANA SİSTEMİ

Maddə 5. Kitabxana sisteminin təşkilinin əsasları

Azərbaycan Respublikasında kitabxana sistemini ərazi, idarə, idarələrarası, sahəvi, sahələrarası və kompleks xidmət prinsiplərinə əsaslanan universal, ixtisaslaşdırılmış dövlət və qeyri-dövlət kitabxanaları təşkil edir.

Maddə 6. Kitabxana sisteminin tərkibi

Azərbaycan Respublikasında kitabxana sisteminin tərkibinə dövlət və qeyri-dövlət kitabxanaları daxildir.

Dövlət kitabxanalarına aşağıdakılar daxildir:

Milli Kitabxana;

Naxçıvan Muxtar Respublikasının dövlət kitabxanası;

şəhər, rayon, qəsəbə, kənd kitabxanaları (kütləvi, elmi, xüsusi kitabxanalar, gənclər, uşaqlar, korlar üçün və sair kitabxanalar) və onların filialları, mərkəzləşdirilmiş kitabxana sistemləri;

respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalar;

dövlət idarə, müəssisə və təşkilatlarının kitabxanaları;

Azərbaycan Elmlər Akademiyasının mərkəzi elmi kitabxanası və onun filialları;

dövlət təhsil müəssisələrinin kitabxanaları.

Qeyri-dövlət kitabxanalarına aşağıdakılar daxildir:

bələdiyyə kitabxanaları;

ictimai birliklərin kitabxanaları;

özəl və digər kitabxanalar;

xarici hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilmiş kitabxanalar.

Maddə 7. Milli Kitabxana

Milli Kitabxana Azərbaycan Respublikasında kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirən, milli nəşrləri, xarici ölkələrdə nəşr olunmuş Azərbaycan haqqında və Azərbaycan müəlliflərinin əsərlərini, dünya əhəmiyyətli nəşrləri, o cümlədən xarici dillərdə qiymətli və digər məlumat daşıyıcılarını toplayıb mühafizə edən milli mədəniyyət xəzinəsi və dövlət kitab saxlayıcısıdır.

Milli Kitabxana kitabxanaşünaslıq, biblioqrafiya və kitabşünaslıq sahəsində elmi-tədqiqat işləri üzrə aparıcı müəssisə və əlaqələndirici, ölkənin bütün kitabxanaları üçün metodik mərkəz, oxuculara kompleks kitabxana-biblioqrafiya və informasiya xidməti göstərmək, kitabxanalararası abonement, milli və tövsiyə biblioqrafiyası, beynəlxalq və ölkədaxili depozitar mərkəz funksiyalarını yerinə yetirir.

Milli Kitabxana müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan əsasnaməyə uyğun fəaliyyət göstərir.

Milli Kitabxananın fondu və əmlakı milli sərvət hesab olunan və xüsusi əhəmiyyətli obyekt kimi dövlət tərəfindən qorunur.

Milli Kitabxana statusuna malik olan kitabxanaların işçilərinin əmək haqlarına müvafiq əlavələr müəyyən edilir.

Milli Kitabxananı ləğv etmək, mülkiyyət formasını dəyişmək qadağandır.

Milli Kitabxanaya əvəzsiz v müddətsiz istifadə üçün qanunvericilikdə müəyyən olunmuş torpaq sahəsi verilə bilər.

Maddə 8. Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalar

Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalar elm sahəsinə görə ixtisaslaşdırılan, milli və xarici ədəbiyyat fondlarına malik olan baş kitabxana-biblioqrafiya və informasiya müəssisələridir.

Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalar müvafiq sahədə fəaliyyət göstərən digər kitabxanalar üçün informasiya, kitabxanalararası abonement və metodik mərkəz funksiyasını yerinə yetirir.

Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanaların fəaliyyəti bu Qanunla və digər müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanaların, Azərbaycan Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının və onun filiallarının, Bakı Dövlət Universitetinin kitabxanasının işçilərinin əmək haqlarına müvafiq əlavələr müəyyən edilir.

Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanaların statusu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 9. Kitabxanaların digər informasiya orqanları ilə əlaqələri

Kitabxanalar sənəd-informasiya ehtiyatlarından səmərəli istifadə məqsədilə elmi-texniki və digər informasiya orqanları, arxivlər, başqa idarə və müəssisələrlə qarşılıqlı əlaqə yaradır. Bu əlaqələr birgə fəaliyyət proqramları və müqavilələr əsasında həyata keçirilir.

Maddə 10. Kitabxanaların yaradılması və yenidən təşkili

Dövlət və qeyri-dövlət kitabxanaları Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada yaradılır və yenidən təşkil olunur.

Dövlət kitabxanalarının müvəqqəti olaraq köçürülməsinə müstəsna hallarda (təbii fəlakət, silahlı münaqişə, müharibə təhlükəsi və s.) müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir.

Maddə 11. Kitabxanaların özəlləşdirilməsi və icarəyə verilməsi

Tipindən, tabeçiliyindən asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən kitabxanaların (kitabxanalarda saxlanılan sərvətlərin, onların yerləşdiyi binaların və sahələrin) özəlləşdirilməsi və icarəyə verilməsi profilinə müvafiq olaraq qanunvericiliyə uyğun həyata keçirilir.

 

III fəsil

KİTABXANA FONDU

Maddə 12. Kitabxana fondunun tərkibi

Kitabxana fondunun tərkibinə kitab, jurnal, qəzet, digər çap məhsulları, audiovizual və texniki vasitələrlə oxunan materiallar, əlyazmalar və başqa informasiya daşıyıcıları daxildir.

Kitabxana fondları universal, sahəvi, çoxsahəli, ixtisaslaşdırılmış ola bilər.

Maddə 13. Azərbaycan Respublikasının Dövlət Kitabxana Fondu

Azərbaycan Respublikasının Dövlət Kitabxana Fondu kitabxanalararası əlaqələndirilmiş komplektləşdirmə, qarşılıqlı istifadə, depozitar mühafizə və mübadilə prinsipləri əsasında təşkil edilən, məlumat-axtarış sisteminə malik olan kitabxana fondlarından ibarətdir.

Kitabxanalarda olan nadir və qiymətli nəşrlər, xüsusi kolleksiyalar qanunvericilikdə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının milli-mədəni sərvətlər reyestrinə daxil edilir və xüsusi rejimdə mühafizə olunur. Onların mühafizəsi lazımi qaydada təmin edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən digər kitabxanaya verilə bilər.

Azərbaycan Respublikası Dövlət Kitabxana Fondu dövlət mülkiyyətidir.

Maddə 14. Kitabxana fondlarının təchizi

Kitabxanalar dövlət və qeyri-dövlət nəşriyyatları tərəfindən buraxılan, profilinə uyğun çap məhsullarını və digər informasiya daşıyıcılarını birinci növbədə almaq hüququna malikdir.

Bu hüquq kitabxana kollektoru, kitab ticarəti müəssisələri, nəşriyyat orqanları, ayrı-ayrı şəxslərlə aparılan müvafiq əməliyyatlar, məcburi nüsxələrin alınması, abunə, bağışlama və vərəsəlik əsasında miras qalmış nəşrlərin verilməsi, habelə beynəlxalq və ölkədaxili kitab mübadiləsi yolu ilə təmin edilir. [1]

Təhsil müəssisələrinin kitabxanalarının dərsliklərlə komplektləşdirilməsi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydalarla tənzimlənir.

Müvafiq icra hakimiyyəti orqanları tabeçiliyində olan kitabxana fondlarının yeni nəşrlərlə komplektləşdirilməsinə vəsait ayırırlar.

Maddə 15. Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı

Milli Kitabxana, qanunvericilik və müvafiq icra hakimiyyəti orqanlarının kitabxanaları, respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalar və Bakı Dövlət Universitetinin kitabxanası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ölkədə nəşr edilən çap məhsullarının məcburi nüsxələrini almaq hüququna malikdir.

Dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslər tərəfindən buraxılan çap məhsullarından Milli Kitabxanaya 4 pulsuz məcburi nüsxə, qanunvericilik və müvafiq icra hakimiyyəti orqanlarının kitabxanalarına, respublika əhəmiyyətli elmi sahəvi kitabxanalara, Azərbaycan Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına və Bakı Dövlət Universitetinin kitabxanasına profilinə uyğun olaraq 2 pulsuz məcburi nüsxə, Azərbaycan Respublikasında nəşr olunan bütün qəzet və jurnal redaksiyaları isə 2 pulsuz məcburi nüsxə göndərməlidirlər.

Maddə 16. Kitabxanaların mübadilə fondları

Azərbaycan Respublikasının milli-mədəni sərvətlər reyestrinə daxil olmayan çap məhsulları və digər materiallar müəyyən olunmuş qaydada bir kitabxanadan digərinə əvəzsiz verilə bilər.

Qeyri-profil, dublet, nisbətən az istifadə edilən, habelə mübadilə fondu üçün ayrılan çap əsərləri və kitabxananın digər sənədləri həmin fonda verilir.

Müvafiq icra hakimiyyəti orqanları beynəlxalq və ölkədaxili kitab mübadiləsini həyata keçirən kitabxanaların mübadilə fondları üçün əlavə kitab alınmasına vəsait ayırırlar.

Maddə 17. Depozitar kitabxanalar

Dövlət kitabxanalarında oxucular tərəfindən nadir hallarda istifadə edilən, lakin elmi, tarixi və bədii əhəmiyyətini saxlayan nəşrlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada depozitar fondlara verilir.

Maddə 18. Dövlət kitabxana fondlarının uçotu, mühafizəsi və onlardan istifadə edilməsi

Dövlət kitabxana fondlarında saxlanılan çap əsərlərinin və digər materialların uçotu, mühafizəsi və istifadəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir.

Maddə 19. Dövlət kitabxana fonduna vurulmuş ziyana görə məsuliyyət

Dövlət kitabxana fonduna vurulmuş ziyana görə hüquqi və fiziki şəxslər yeni qiymətləndirmə əmsalları nəzərə alınmaqla vurulmuş ziyanın 10 misli həcmində maddi məsuliyyət daşıyırlar.

İtirilmiş və yararsız vəziyyətə salınmış çap əsərləri və digər materiallar kitabxana ilə razılıq əsasında başqa müvafiq çap əsərləri və materiallarla əvəz edilə bilər. Bu qayda Azərbaycan Respublikasının milli mədəni sərvətlər reyestrinə daxil edilən nadir nüsxələrə şamil edilmir.

Nadir nüsxələr fonduna vurulan zərərə görə məsuliyyət mövcud qanunvericiliklə tənzimlənir.

Dövlət kitabxana fondlarının uçotu, mühafizəsi və istifadə qaydalarının pozulmasına görə kitabxana işçiləri qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

 

IV